GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
“Kipriklərin pıçıltısı” Azərbaycan dilində - kitab təqdimatı
Ərəb məhcər ədəbiyyatının Azərbaycanda ilk tədqiqatçısı olan görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın başladığı iş bu gün də mütəxəssislər tərəfindən uğurla davam etdirilməkdədir. Bu çərçivədə bu günlərdə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun tərcüməsində ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mixail Nuaymənin “Kipriklərin pıçıltısı” adlı şeirlər kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Kipriklərin pıçıltısı” adlı şeirlər kitabı mütəxəssislər tərəfindən Mixail Nuaymə ədəbi irsinin Azərbaycanda təbliği sahəsində uğurlu addım kimi dəyərləndirilib. Kitabın redaktoru millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Gövhər Baxşəliyevadır.
Mart ayının 2-də Azərbaycan Yazıçılar Birliyində “Kipriklərin pıçıltısı” kitabının geniş təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış ərəbşünaslar, dövlət xadimləri, ədəbiyyatsevərlər və media nümayəndələri iştirak ediblər.
236 səhifəlik kitabın tərcüməsi ilə yanaşı orijinalının da verilməsi mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır. Kitabda Mixail Nuaymənin qardaşı nəvəsi Nəcib Nuaymənin tərcümə ilə bağlı Mahir Həmidova ünvanladığı məktub da yer almaqdadır.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Mixail Nuaymənin “Kipriklərin pıçıltısı” adlı kitabının Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib. “Poeziyanı tərcümə etmək, şairin dünya görüşünü, fəlsəfi düşüncələrini, ruhunu Azərbaycan dilində düzgün ifadə etmək tərcüməçidən yüksək peşəkarlıq tələb edir. Bu mənada M. Həmidov böyük nailiyyət qazanıb”, – deyən İ.Fəhmi M. Həmidovun ərəb ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində böyük işlər görəcəyinə inandığı qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının professoru İmamverdi Həmidov M. Həmidovun tərcüməsinin ədəbi ictimaiyyətə, şeirsevərlərə və geniş oxucu kütləsinə böyük bir töhfə olduğunu vurğulayaraq təqdim edilən kitabı Azərbaycan və ərəb xalqları arasında körpü adlandırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının professoru Vilayət Cəfərov isə bu kitabın Azərbaycan şərşünaslığının böyük uğuru kimi dəyərləndirib.
Azərbaycan Respublikasının Suriyadakı fövqaladə və səlahiyyətli səfiri Mahir Əliyev tədbirdə çıxış edərək M.Həmidovun illər öncə Mixail Nuaymə irsini Livanda, Nuaymənin doğma kəndi Biskintada necə tədqiq etdiyinin şahidi olduğunu bildirib. Belə ki, M.Həmidovun Mixail Nuaymənin Biskintadakı evini, mütəfəkkir şairin Sinnin dağının ətəklərindəki məzarını ziyarət etdiyini, şairin ailə üzvlərindən, xüsusilə də onun qardaşı nəvəsi Nəcibdən şair haqqında çox şeylər öyrəndiyini qeyd etdi.
“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı ərəb dilinin incəliklərini müqabil dildə verməyin çətinliklərindən bəhs edib. Bütün bu çətinliklərə baxmayaraq M. Həmidovun bu işin öhdəsindən məharətlə gəldiyini qeyd edib.
Tədbirdə çıxış edənlər – professorlar Vilayət Cəfərov, İmamverdi Həmidov, dosent Laura Orucova, dosent Məmmədəli Babaşlı, ədəbiyyatşünas, şair Şəlalə Ana, Sona Xəyal, Ənvər Əhməd, tərcüməçi jurnalist Fazil Güney Abbasov və başqaları M.Nuaymənin əsərlərinin ölkəmizdə kitab halında ilk dəfə çap olunmasını ədəbi nailiyyət kimi dəyərləndirərək, bu istiqamətdə Mahir Həmidova uğurlar arzulayıblar.